Şirvan, Neftçala və İmişlidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
İmişli, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Şirvan şəhəri, Neftçala və İmişli rayonlarında ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçalada rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfillər düzülüb. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zamanı şəhid olan hərbi qulluqçuların və şəhid olan mülki vətəndaşların məzarları ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi, 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılmış abidə, “Əbədi məşəl” abidəsi, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin məzarları ziyarət olunub, önlərinə tər güllər düzülüb. “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında keçirilən tədbirdə 20 Yanvar hadisələrindən danışılıb, həmin faciənin, eyni zamanda, xalqımızın tarixində milli qəhrəmanlıq səhifəsi olduğu bildirilib.
20 Yanvar şəhidlərinin xatirəsi İmişlidə də anılıb. Şəhidlər xiyabanında şəhid məzarlarının və “Şəhidlər” kompleksinin önünə gül-çiçək dəstələri düzülüb. Sonra rayonun Göbəktala kəndindəki qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Şirvan şəhəri, Neftçala və İmişli rayonlarında da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.