ŞKTC parlamentinin sədri: Tezliklə azı iki ölkə cümhuriyyətimizi tanıyacaq
Ankara, 22 iyul, AZƏRTAC
Tezliklə azı iki ölkə Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanıyacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ŞKTC parlamentinin sədri Zorlu Töre “Türkiye” qəzetinə müsahibəsində deyib.
O, Lefkoşanın Türk Dövlətləri Təşkilatında (OTT) müşahidəçi dövlət statusunun tanınmasını türk Kiprinin tanınması istiqamətində mühüm addım adlandırıb. “Növbəti addım ŞKTC dövlətinin tanınması olmalıdır. Qardaş ölkələrdən, o cümlədən Qırğızıstan, Türkmənistan və Özbəkistandan da analoji addım gözləyirik”, - deyə Töre bildirib.
ŞKTC parlamentinin sədri türk dövlətləri arasında əməkdaşlığa dair hərbi paktın imzalanması təşəbbüsü ilə çıxış edib. O deyib: “Biz dərhal bu təşəbbüsün həyata keçirilməsinə başlamalıyıq. Türk ordusu və Kipr türkləri türklərin nəyə qadir olduğunu 50 il əvvəl nümayiş etdirdilər. Sonradan Azərbaycan Türkiyənin siyasi dəstəyi ilə düşməni Qarabağda diz çökməyə məcbur etdi. Birləşsək, heç kim bizim yolumuza mane ola bilməz”.
Kiprin yunan icması ilə münasibətlərin həlli perspektivlərinə gəlincə, natiq Kiprdə federasiya layihəsinin artıq baş tutmayacağını vurğulayıb. “Türkiyə və Yunanıstan, Azərbaycan və Ermənistan, Ukrayna və Rusiya vahid federasiya ola bilmədiyi kimi, Kipr türklərinin və yunanlarının da federativ dövlət formalaşdırması mümkün deyil. Biz gələcəyimizi iki ayrı cəmiyyət və dövlət olaraq qurmalıyıq”, – deyə Töre əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara