S.LAVROV: RUSİYA AZƏRBAYCAN İLƏ MÜNASİBƏTLƏRİN SABİT VƏ DİNAMİK İNKİŞAFINDAN MƏMNUNDUR
O demişdir: “Ölkələrimiz arasında, ilk növbədə, yüksək səviyyədə siyasi dialoq fəal inkişaf edir. Ticarət-iqtisadi sahədə müsbət irəliləyişlər var. Ötən il əmtəə dövriyyəsi 40 faizdən çox artmışdır və bir milyard dollarlıq səviyyəyə sürətlə yaxınlaşır. Beləliklə, Rusiya və Azərbaycan prezidentlərinin onun səviyyəsini iki dəfə artırmaq barədə 2004-cü ilin fevralında qarşıya qoyduqları vəzifənin yerinə yetirilməsinə çox qalmır. Qarşılıqlı surətdə faydalı əməkdaşlığımız ticarət-energetika kompleksini, sənayeni, kənd təsərrüfatı və nəqliyyatı əhatə edir. Rusiya Federasiyasının 70 subyekti Azərbaycan ilə ticarət əlaqələri saxlayır. İki ölkənin tarixi və mədəni yaxınlığını nəzərə alaraq, biz əməkdaşlığın humanitar sahəsinin genişləndirilməsinə xüsusi əhəmiyyət veririk. Rusiyada 2005-ci ildə Azərbaycan İlinin uğurla keçirilməsini yüksək qiymətləndirir, ümidvarıq ki, ölkənizdə Rusiya İli də xalqlarımızın yaxınlaşmasına xidmət edəcəkdir. Yüksək səviyyədə dəfələrlə vurğulanmışdır ki, bizim aramızda həll edilməmiş problemlər yoxdur. O ki qaldı əlaqələrimizin getdikcə genişləndiyi indiki vaxtda labüdən qarşıya çıxan konkret praktik məsələlərə, biz onların həlli yollarını birlikdə axtarır və tapırıq. Azərbaycan ilə çoxşaxəli faydalı münasibətlərin daha da inkişaf etdirilməsi Rusiyanın xarici siyasət fəaliyyətində öncül istiqamətlərdən biridir. Bu, ölkələrimizin mənafelərinə tam uyğundur, Qafqazda sabitliyin və təhlükəsizliyin sanballı amilidir”.
Sergey Lavrov Rusiya dövləti başçısının ölkəmizə səfərinə və qarşıdakı danışıqların gündəliyinə toxunaraq bildirmişdir ki, prezidentlər Vladimir Putinin və İlham Əliyevin danışıqları səfər zamanı diqqət mərkəzində olacaqdır. Danışıqların əhəmiyyəti ilk növbədə onunla müəyyən edilir ki, Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl inkişafının təkanverici qüvvəsi məhz yüksək səviyyədə razılaşmalardır. Fərəhli haldır ki, ölkələrimizin liderləri arasında səmimi şəxsi münasibətlər yaranmışdır. Ənənəvi olaraq, Rusiya-Azərbaycan zirvə görüşlərində siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilir. Əlbəttə, qarşılıqlı maraq doğuran başqa məsələlər də müzakirə olunur. Söz yox ki, Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair fikir mübadiləsi də aparılacaqdır. Rusiya çox narahatdır ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması Qafqaz regionunda tam dəyərli əməkdaşlığa əngəl törədir. Buna görə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya problemin qarşılıqlı məqbul həllinin axtarılmasına ikitərəfli əsasda öz töhfəsini verməyə bundan sonra da hazırdır.
Sergey Lavrov demişdir ki, Rusiya rəhbərini xoş bir missiya - Prezident İlham Əliyev ilə birlikdə Azərbaycanda Rusiya İlini rəsmən açmaq missiyası gözləyir. Vladimir Putini dövlət, siyasi və ictimai xadimlərdən, ölkənin bir sıra regionlarının başçılarından, iri sahibkarlardan ibarət mötəbər nümayəndə heyəti müşayiət edəcəkdir. Bu, bir tərəfdən, Rusiyada səfərə böyük əhəmiyyət verildiyini nəzərə çarpdıracaqdır, digər tərəfdən isə, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı surətdə faydalı əlaqələr yaradılmasına kömək etməlidir.
RF XİN-in başçısı əmin olduğunu bildirmişdir ki, Rusiya dövləti başçısının səfəri ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi yolunda yeni mühüm addım olacaqdır.