Slovakiya parlamenti hökuməti istefaya göndərib
Bratislava, 16 dekabr, AZƏRTAC
Slovakiya parlamenti Baş nazir Eduard Heqerin rəhbərlik etdiyi koalisiyalı hökuməti istefaya göndərib.
AZƏRTAC xəbər verir ki, parlamentin iclasında iştirak edən 102 deputatdan 78-i hökumətə etimadsızlıq göstərib.
Hökumətə qarşı etimadsızlıq müraciətini hələ üç ay əvvəl hökumətin tərkibində olan liberal Azadlıq və Həmrəylik Partiyası (SaS) təqdim edib. Partiya rəhbəri Rixard Sulik E.Heqerin xaotik və qeyri-nizami idarəçilik üsulunun ölkəyə zərbə vurduğunu, vətəndaş və şirkətləri enerji böhranı və illik inflyasiyanın 15 faizə çatdığı bir dövrdə çətin vəziyyətə saldığını və korrupsiyaya qarşı mübarizəni təşkil edə bilməməsini etimadsızlıq üçün əsas göstərib.
Hökumətə qarşı etimadsızlıq votumundan sonra ölkədə idarəçiliyin necə davam edəcəyinə dair qərarı dövlət başçısı Zuzana Çaputova verməlidir. O, istefaya göndərilmiş hökumətə yeni koalisiya qurulana kimi müvəqqəti olaraq hökumət işlərini davam etdirmək mandatı verə və ya “ekspertlər hökuməti” yarada bilər. Əsasən müstəqil ekspertlər, məmurlar və ya keçmiş siyasətçilərdən ibarət olan belə bir hökumətin işi növbəti seçkilərə kimi hökumət fəaliyyətini təmin etməkdir.
Solçu partiyalar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər və bu yolla yenidən hakimiyyətə gələcəklərinə ümid bəsləyirlər. Liberallar isə yeni seçkilərə getməkdənsə, parlamentdə təmsil olunan siyasi qüvvələr arasında hökuməti təşkil etməyə qabil koalisiyanın yaranmasına tərəfdardırlar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava