İQTİSADİYYAT
“SOCAR Georgia Gas” şirkəti Gürcüstanda əhalinin təbii qazla təmin olunmasını davam etdirir
Tbilisi, 23 iyul, AZƏRTAC
SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” şirkəti bu ölkədə daha bir yaşayış məntəqəsini təbii qazla təmin edib.
AZƏRTAC xəbər verir ki, “SOCAR Georgia Gas” şirkəti bu dəfə Gürcüstanın Kvemo Kartli – Borçalı bölgəsinin Tetritskaro bələdiyyəsinin Manqlisi qəsəbəsini təbii qazla təmin edib. Yaşayış məntəqəsinin qazlaşdırılması dövlət proqramı çərçivəsində həyata keçirilib.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib ki, Manqlisidə bu günə qədər təbii qaz olmayıb. Bu, çox çətin və bahalı layihədir. Layihə çərçivəsində görülən işlər nəticəsində 1 600-ə yaxın ailə qazla təmin olunub.
Bildirilib ki, layihə çərçivəsində 45 min 180 metr uzunluğunda qaz xətti çəkilib, 1558 abunəçi qazdan istifadə imkanı əldə edib. Kurort qəsəbənin vahid qazpaylama şəbəkəsinə qoşulmasını Gürcüstanın Qaznəqletmə Şirkəti həyata keçirib.
Manqlisə təbii qaz verilməsi mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, "SOCAR Georgia Gas"ın direktoru Azər Məmmədov, Gürcüstanın Qaznəqletmə Şirkətinin baş direktoru Mixeil Şalamberidze və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, 2019-2021-ci illər üzrə qazlaşdırma planı çərçivəsində Kvemo Kartli-Borçalı bölgəsində 7870 abunəçini əhatə edən 29 kənd təbii qazla təmin olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi