SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının üzvü olub
Bakı, 8 iyun, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasına (IMCA) üzv qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə TTSİ məlumat yayıb.
“SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində dəniz istehsalat obyektlərində dalğıc əməliyyatlarını yerinə yetirən işçilərin peşə hazırlığı baxımından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi dünyanın 1000-dən çox şirkətini, o cümlədən neft-qaz şirkətlərini, podratçıları, təchizatçıları, dənizdə bərpa oluna bilən enerji mənbələrini təmin edən qurumları, çoxsaylı qeyri-hökumət təşkilatlarını öz ətrafında birləşdirən və Beynəlxalq Dəniz Təşkilatında (IMO) məşvərətçi statusuna malik olan Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) “Dalğıc kateqoriyası üzrə təlim qurumu” qismində IMCA-nın üzvlüyünə qəbul olunub”, - deyə idarə bildirir.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir. Həmçinin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarət TTSİ-nin fəaliyyət sferasına daxildir.
Beynəlxalq Dəniz Podratçıları Assosiasiyası 1995-ci ildə Dəniz Dalğıc Podratçıları Assosiasiyası və Dinamik Tarazlaşma (DP) sistemi ilə təchiz olunmuş Gəmi Sahibləri Assosiasiyasının birləşməsi nəticəsində yaradılıb. Assosiasiya 2002-ci ildə texniki təhlükəsizliyə dair ilk illik seminarını keçirib və həmin ildə onun üzvlərinin sayı 200-ə çatıb. Hazırda üzv təşkilatların sayı 1000 təşkil edib. 1997-ci ildən etibarən qurumun katibliyi Londonda yerləşir. Assosiasiyanın bütün fəaliyyətinə nəzarət Vahid İdarəetmə Komitəsi tərəfindən həyata keçirilir.