Sosial şəbəkələr vasitəsilə onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən şəxs saxlanılıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirən Ramana qəsəbəsində yaşayan Məhəddin Fərəcov saxlanılıb. Onun üzərindən və Bakı-Quba yolunun 14-cü kilometrliyində gizlətdiyi ümumi çəkisi 945 qram olan heroin, 22 qram metamfetamin və 521 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Məhəddin Fərəcov ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə Bakıya gətirib.
Həmin faktla bağlı və narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa olunması istiqamətində əməliyyatlar davam etdirilir.