Sosial şəbəkələrdə yaşın yoxlanılmasında məqsəd uşaqların təhlükəsiz gələcəyidir ŞƏRH
Bakı, 9 iyul, AZƏRTAC
Milli Məclisində qəbul edilən və uşaqların sosial şəbəkə mühitində müdafiəsinin gücləndirilməsinə yönələn qanunvericilik dəyişiklikləri mühüm sosial və hüquqi əhəmiyyət daşıyır. Dəyişikliklərə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilir. 16-18 yaş aralığında olan şəxslərin isə sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratması, həmin hesablardan istifadə etməsi və məzmun paylaşması qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, uşağın sağlam böyüməsi, fiziki və psixoloji rifahının qorunması, düzgün inkişafı və təhlükəsiz mühitdə yetişməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin məsuliyyətidir. Bu səbəbdən yeni tənzimləmələr uşaqların müdafiəsi sisteminin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
“Müasir rəqəmsal dövrdə eyni müdafiə fəlsəfəsinin sosial media mühitində də öz əksini tapması təbiidir. Əgər real həyatda uşağın inkişafına zərər verə biləcək məhsul, xidmət və məzmunlara yaş məhdudiyyəti tətbiq edilirsə, virtual dünyada onun psixologiyasına, davranışına, dünyagörüşünə və təhlükəsizliyinə təsir edən risklər də hüquqi tənzimləmədən kənarda qala bilməz. Uşaqlar, xüsusilə erkən yeniyetməlik dövründə, sosial təsirlərə, emosional təzyiqə və manipulyasiyaya böyüklərlə müqayisədə daha həssasdırlar. 16 yaşınadək dövrdə ətraf mühitin, risklərin və manipulyativ davranışların tam dərk edilməməsi uşaqların müxtəlif qrupların təsirinə düşməsini, təhlükəli söhbətlərə qoşulmasını, yanlış məlumatlara inanmasını və zərərli davranış modellərini mənimsəməsini asanlaşdıra bilər. Burada əsas problemlərdən biri sosial media platformalarının işləmə modelidir. Platformalar istifadəçilərin hansı paylaşımlara nə qədər baxdığını, nəyə klik etdiyini, hansı videonu təkrar izlədiyini və hansı məzmun qarşısında daha uzun müddət dayandığını analiz edir. Daha sonra alqoritmlər istifadəçini platformada mümkün qədər uzun müddət saxlamaq məqsədilə fərdiləşdirilmiş məzmun axını yaradır. Yetkin insan belə bu mexanizmlərin təsirinə məruz qala bilir. Uşaq və yeniyetmələr üçün isə risk daha yüksəkdir. Alqoritmik sistemlər müəyyən hallarda uşağı getdikcə daha emosional, aqressiv, depressiv, qorxuducu və ya yaşına uyğun olmayan məzmunlara yönəldə bilər. Beləliklə, uşağın nə izlədiyini yalnız onun şüurlu seçimi deyil, görünməyən rəqəmsal mexanizmlər də müəyyən edir”, - deyə deputat bildirib.
Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklər beynəlxalq təcrübə, yerli şərait və dünyada gedən inkişaf meyilləri nəzərə alınmaqla uşaqların müdafiəsi üçün yeni tənzimləmə çərçivəsi yaradır. Burada əsas məqsəd sosial şəbəkələri qadağan etmək deyil, rəqəmsal mühitdə uşağın maraqlarını kommersiya alqoritmlərindən, zərərli məzmundan, manipulyasiyadan və təhlükəli təsirlərdən üstün tutmaqdır. Dövlətin və cəmiyyətin vəzifəsi uşaqların hüquqları arasında düzgün balans yaratmaqdır. Yeni qanunvericilik dəyişikliklərinin əsas fəlsəfəsi də məhz bundan ibarətdir.