İQTİSADİYYAT
Sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard manatdan çoxdur
Bakı, 12 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard manatdan çox olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz və ya 646,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 2,6 milyard manatdan çox olub.
Həmin dövr ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq 142 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 18,3 faiz artaraq 104,1 milyon manat olub.
Bundan başqa, icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 733,2 milyon olmaqla 39,1 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 48,7 faiz artaraq 507 milyon manat olub.