Sosial təminatı aşağı olan çoxuşaqlı ailəyə bayram hədiyyəsi
Xaçmaz, 30 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Yergüc kəndində sosial təminatı aşağı olan çoxuşaqlı ailə evlə təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, evin açarı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Rəhimovlar ailəsinə təqdim olunub.
Rəhimovlar ailəsi ana və altı uşaqdan ibarətdir. Uşaqlardan ən kiçiyinin dörd yaşı var. Ailə başçısı avtomobil qəzasında öldüyündən Rəhimovlar bu günə kimi çətin sosial vəziyyətdə yaşayıblar. Ev yerli sahibkar Cavid Balaqadaşov tərəfindən inşa etdirilib.
Evin ailəyə təqdim olunması mərasimində bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb. Sahibkarlar da öz növbəsində onlara yaradılan şəraitdən bəhrələnərək bizneslərini genişləndirir, eyni zamanda sosial təminatı aşağı olan vətəndaşlarımıza dəstək aksiyalarında fəal iştirak edirlər.
İkiqat bayram sevincini yaşayan Aygün Rəhimova xeyirxah təşəbbüsə görə minnətdarlığını ifadə edib.
Rəhimovlar ailəsi üçün tikilən ev 4 otaq və mətbəxdən ibarətdir.