SOYDAŞIMIZ BEYNƏLXALQ FORUMDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ AÇIQLAMIŞDIR
Forumun geniş iclasından sonra müzakirələr “dəyirmi masalar”da davam etdirilmişdir. “Şəraitlərin müqayisəsi və münaqişələrin aradan qaldırılması” mövzusunda “dəyirmi masa”da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirələr olmuşdur. Ermənistanın xarici işlər nazirinin, habelə erməni diasporu təmsilçilərinin də iştirak etdikləri müzakirələrdə çıxış edən Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının prezidenti, Makmaster Universitetinin professoru İlham Axundov Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, etnik təmizləmə nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, habelə digər beynəlxalq təşkilatların qərarlarının olmasına baxmayaraq, Ermənistan silahlı birləşmələrinin həmin torpaqlardan çıxmadığını bildirmişdir. O, xüsusi vurğulamışdır ki, işğal olunmuş Azərbaycan ərazilərində yerüstü və yeraltı sərvətlər talan olunur, bu işdə Kanadanın bəzi şirkətləri də iştirak edir.
Müzakirələrdə münaqişələrin aradan qaldırılması üçün təklif olunan nəzəri modeldə diasporlar arasında dialoqun əhəmiyyətindən də danışılmışdır. Professor İ.Axundov bunun konkret şəraitə tətbiqinin fayda verəcəyinə şübhə etdiyini bildirmiş və bir daha vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində həllini tapmır.
Soydaşımız “dəyirmi masa” iştirakçılarına Heydər Əliyev Fondunun buraxdığı “Qarabağ həqiqətləri” kitabçalarını təqdim etmişdir.