SİYASƏT
Soydaşımız tibb sahəsində nüfuzlu “Enriko Greppi Award” mükafatına layiq görülmüşdür
Bakı, 8 oktyabr (AZƏRTAC). Londonda keçirilmiş Baş ağrıları üzrə III Beynəlxalq Konqresdə soydaşımız Sait Aşina tibb sahəsində nüfuzlu “Enriko Greppi Award” mükafatına layiq görülmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Sait Aşina bu mükafata ABŞ-ın Nyu-York şəhərindəki Albert Eynşteyn Universitetində apardığı elmi tədqiqatların uğurla nəticələnməsi və miqren üzrə yeni kəşfinə görə layiq görülmüşdür.
Bu kəşf gələcəkdə həkimlərin xroniki miqrenin müalicəsində yeni üsullara və uğurlu müalicəyə zəmin yaradır. Mükafatı həmyerlimizə Avropa Baş ağrıları Federasiyasının prezidenti, professor Dominik Valade və “Journal of Headache and Pain” elmi jurnalının baş redaktoru, Roma Universitetinin professoru Paolo Marteletti təqdim etmişlər.
Konqresdə Harvard Universitetinin professoru Cilfford Vulf, Kaliforniyanın Los-Anceles Universitetinin professorları Alan Rapport və Endrü Çarlz, Kopenhagen Universitetinin professoru Yes Olesen çıxış edərək soydaşımızın tədqiqatını miqren üzrə tibb elminə yeni uğur olduğunu vurğulamışlar.
Qeyd edək ki, Sait Aşina Bakıda anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Danimarkada Kopenhagen Tibb Universitetini bitirmişdir. Hazırda o, Nyu-Yorkda Albert Eynşteyn Tibb Universitetində tədqiqatlarını davam etdirir, eyni zamanda Manhettendə Beth İsrael Mərkəzinin nevrologiya və anesteziologiya kafedrasının dosenti və Baş ağrıları Proqramının direktorudur.