“Sözlə danışan sevgi: 80 ilin Vahid Əzizi” - ADPU-da ədəbi-bədii tədbir
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində “Sözlə danışan sevgi: 80 ilin Vahid Əzizi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir Xalq şairi Vahid Əzizin 80 illik yubileyinə həsr edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov, professor Firudin Cəlilov, professor Vidadi Orucov, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli çıxışlarında şairin Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, onun zəngin və çoxşaxəli yaradıcılıq yolundan bəhs ediblər.
Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri tərəfindən Vahid Əzizin şeirləri səsləndirilib, yaradıcılığına həsr olunmuş ədəbi kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılar Xalq şairi Vahid Əzizə yaradıcılığı, poeziyaya münasibəti və ədəbi yolunun müxtəlif mərhələləri ilə bağlı suallar ünvanlayıblar.