SSRİ XALQ ARTİSTİ Y.N.QRİQOROVİÇƏ
Sizi – zəmanəmizin görkəmli baletmeysterini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram.
Nadir istedadınız, yaradıcılıq enerjiniz və əzmkarlığınız Sizi XX əsrin balet sənətinin ən məşhur simalarından birinə çevirmişdir. Müasir rəqsə yanaşma tərziniz istər klassik, istərsə də müasir tamaşalara yeni görünüş vermişdir.
Arif Məlikovun təxminən yarım əsr əvvəl Sizin tərəfinizdən tamaşaya qoyulmuş “Məhəbbət əfsanəsi” baleti dünya incəsənəti xəzinəsinə həmişəlik daxil olmuşdur. Misilsiz xoreoqrafiyanızda Arif Məlikovun musiqisi və Nazim Hikmətin librettosu indi də qəlbləri fəth edən ecazkar bir ahəngdarlıq yaratmışdır. Diqqətəlayiq haldır ki, tamaşanı bu quruluşda göstərən dünya teatrlarının bir çoxu onu indiyədək öz repertuarında saxlayır.
Siz balet tarixinə novator kimi daxil olmusunuz. Gənclərin Sizinlə işləməyə və Sizdən öyrənməyə daim can atması sübut edir ki, Siz bu gün də müasirliyin nəbzini duyan ustad olaraq qalırsınız. Əminəm ki, bənzərsiz yaradıcılıq dəst-xəttiniz həm gələcək işlərinizdə, həm də yetirmələrinizin yaradıcılığında öz əksini tapacaqdır.
Sizə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 dekabr 2006-cı il.