STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT DÖVLƏT AGENTLİYİ MƏHSULLARIN KEYFİYYƏTİ İLƏ BAĞLI MÜSABİQƏ KEÇİRİR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən (SMPDA) AZƏRTAC-a bildirmişlər ki, MDB ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədi ilə müsabiqə keçirilir.
Müsabiqənin birinci mərhələsi MDB ölkələrinin milli orqanları tərəfindən keçirilir. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) oktyabrın 31-dək SMPDA-ya təqdim etməlidirlər. Qaliblər xüsusi komissiya tərəfindən 2009-cu il yanvarın 1-dək müəyyən ediləcəkdir. Onlara mükafatlar veriləcək, adları geniş ictimaiyyətə açıqlanacaqdır.
İki ildə bir dəfə keçiriləcək müsabiqənin birinci mərhələsinin qaliblərinin ikinci mərhələdə iştirakı ilə bağlı onlar haqqında məlumat və sənədlər toplusu agentlik tərəfindən Dövlətlərarası Şuraya təqdim ediləcəkdir. İkinci mərhələnin qalibləri 2009-cu ilin dekabrında müəyyənləşdiriləcəkdir.
Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar iştirak edə bilərlər.
Əlavə məlumatı 449-99-59 ( dax.149, 150) telefon nömrəsi vasitəsilə SMPDA-nın qanunvericilik və hüquq ekspertizası şöbəsindən almaq olar.