“START” II TƏLƏBƏ FİLMLƏRİ FESTİVALI
“Cinema” Araşdırma Mərkəzinin təsisçiliyi, Mədəniyyət, Gənclər, İdman və Turizm nazirliklərinin təşkilatçılığı ilə keçirilən mərasimdə Mədəniyyət Nazirliyi kino işləri şöbəsinin müdiri Cəmil Fərəcov, “Cinema” Araşdırma Mərkəzinin nümayəndəsi Aygün Aslanlı, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov çıxış etmişlər. Qeyd olunmuşdur ki, bu festival, ilk dəfə, 2004-cü ilin sentyabrında “Tələbə rejissorların film festivalı” adı ilə keçirilmişdir. Festivaldan məqsəd milli kinomuzda yeni nəslin səviyyəsini müəyyən etmək, onların maraqlarını, problemlərini öyrənmək və tələbələrə yaradıcılıq stimulu verməkdir.
Mərasimdə Dövlət Mahnı Teatrı ansamblının konserti olmuş və axırda festivalın nominasiyaları üzrə mükafatlar təqdim edilmişdir. “Ən yaxşı film”-Qqran-Pri” baş mükafatı “Çima” filminə görə Gökcə Pəhləvanoğluna (Türkiyə) verilmişdir. “Ən yaxşı bədii film” nominasiyası üzrə birinci yerə “ST.kloud” filminə görə Ceyhun Qarabağ (Türkiyə), ikinci yerə “Kənd məktəbi” filminə görə Elnur Əliyev (Azərbaycan) layiq görülmüşlər. “Ən yaxşı sənədli film” nominasiyası üzrə birinci yer mükafatı verilməmiş, ikinci mükafatı “Pillələr” filminə görə Günel Nəcəfzadə (Azərbaycan) almışdır. “Butafilm” kino şirkətinin texniki dəstək qrantı Könül Hüseynovaya (Azərbaycan) təqdim olunmuşdur.