Dövlət Neft Şirkətindən (ARDNŞ)
AZƏRTAC-a bildirmişlər ki, qurumun prezidenti Rövnəq Abdullayev oktyabrın 11-də “Statoyl-Azərbaycan” şirkətinin nümayəndələri ilə görüşmüşdür. Şirkətin prezidenti Qeorq Gündersen bildirmişdir ki, bu ilin sonunda onun Azərbaycandakı səlahiyyət müddəti başa çatacaq və artıq “Statoyl”un Norveçdəki baş ofisində “Statoyl-Azərbaycan” şirkətinin yeni prezidentinin təyin olunması haqda əmr verilmişdir. O, “Statoyl-Azərbaycan”ın yeni prezidenti Kristian Hauskeni, həmçinin yeni təyin olunmuş əməliyyat üzrə vitse-prezident Rune Hanseni ARDNŞ rəhbərliyinə təqdim etmişdir. Kristian Hausken əmək fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra rəhbərlik edəcəyi “Statoyl-Azərbaycan” şirkəti ilə ARDNŞ arasında geniş əməkdaşlıq sahələri haqqında dolğun informasiyaya malik olduğunu bildirmişdir. K. Hausken belə bir əminliyini ifadə etmişdir ki, şirkətlər arasında əməkdaşlıq onun rəhbərliyi dövründə daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Rövnəq Abdullayev “Statoyl”un istər “Azəri-Çıraq-Günəşli”, istərsə də “Şahdəniz” layihələrində ARDNŞ-in etibarlı tərəfdaşı olduğunu qeyd etmiş və şirkətlər arasında əməkdaşlığın indiki mərhələyə gəlib çatmasında Qeorq Gündersenin xidmətlərini qeyd edərək gələcək fəaliyyətində ona uğurlar arzulamışdır. R. Abdullayev Kristian Hauskenin rəhbərliyi dövründə də “Statoyl”un Azərbaycandakı fəaliyyətini əvvəlki temp ilə davam etdirəcəyinə inamını bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə də toxunulmuşdur.