Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin final oyunu baş tutub
Stokholm, 24 oktyabr, AZƏRTAC
Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin final oyunu baş tutub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Stockholm United Sport Academy Fotboll Mästerskap 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı və turnirdə iştirak edən Azərbaycan yığma komandasının baş məşqçisi Rüfət Əhmədov olub.
On altı ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən oyunun sonunda Albaniya komandası 2-1 hesabı ilə qalib gəlib. Öz növbəsində üçüncü yer uğrunda mübarizədə isə Azərbaycan Uruqvaya 3-0 hesabı ilə qalib gəlib.
Oyunun sonunda Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov və İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev qalib gələn Albaniya komandasına kuboku və xatirə medallarını təqdim edib. Səfir Zaur Əhmədov finala çıxan Albaniya və Bosniya komandalarına gözəl və baxımlı oyunu nümayiş etdirdiklərinə görə minnətdarlığını ifadə edərək, “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin İsveçdə yaşayan bir çox ölkələrin idmansevərləri üçün maraq doğuran bir idman bayramına çevrildiyini bildirib.
Qeyd edək ki, turnir Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm