SİYASƏT
Stokholmda yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə səssiz aksiya keçirilib VİDEO
Stokholm, 26 oktyabr, Rauf Əliyev, AZƏRTAC
İsveçdəki Azərbaycan diasporu, Dağlıq Qarabağda baş verən toqquşmalar və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə qarşı edilən hücumlar barəsində yerli ictimaiyyəti məlumatlandırmaq üçün Stokholmda səssiz aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyaya toplaşan həmyerlilərimiz, Stokholmun mərkəzindəki Sergel meydanından Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına kimi səssiz yürüşlə keçərək, yerli insanların diqqətini Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına cəlb ediblər.
Yürüş iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Gəncə şəhəri üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar yazılan plakatlar qaldıraraq baş verənlərə dünya ictimaiyyətinin diqqət yetirməsi tələb edilib.
Sonra Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına gələn aksiyaçılar, səfirliyin qarşısında Gəncə hücumunda həlak olanların xatirəsinə güllər və oyuncaqlar düzüblər. Burada diaspora nümayəndələrimiz habelə, yerli insanları maraqlandıran sualları cavablandırıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm