STOLÜSTÜ TENNİS ÜZRƏ “AVRASİYANIN BÜTÜN ULDUZLARI” ADLI SİLSİLƏ TURNİRİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Stolüstü tennis üzrə ilk dəfə olaraq Türkiyə Stolüstü Tennis Federasiyasının təklifi, Avropa və Asiya Federasiyalarının dəstəyi ilə iki qitə idmançıları arasında dostluq və əməkdaşlığı, eləcə də bu idman növünü inkişaf etdirmək məqsədilə “Avrasiyanın bütün ulduzları” adlı silsilə turnirinin I mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Avqustun 25-26-da Pekin və noyabrın 10-11-də isə İstanbulda keçiriləcək yarışlarda Avropa və Asiyanın ən güclü tennisçiləri iştirak edəcəklər.
Yarışlardan öncə Avropa və Asiya Stolüstü Tennis Federasiyaları arasında texniki əməkdaşlığı daha da genişləndirmək məqsədilə iyulun 25-26-da İstanbulda rəsmi təqdimat mərasimi keçirilmişdir.
İstanbul Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən və simvolik əhəmiyyət daşıyan şəhər kimi seçilmişdir. Tədbir zamanı iki qitəni birləşdirən Bosfor üzərində körpü müvəqqəti olaraq bağlanacaqdır. Xüsusi önəm kəsb edən yarışlar bütün dünyanın media və televiziya kanalları vasitəsilə yayımlanacaqdır.
Təqdimat mərasimində iştirak edən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasovun müxtəlif ölkələrin federasiyalarının prezidentləri ilə çoxsaylı görüşləri olmuşdur. O, görüşlər zamanı stolüstü tennisin inkişafı ilə bağlı söhbətlər aparmışdır.
Sonda belə yarışların gələcəkdə də davam etdirilməsi barədə qarşılıqlı razılığa gəlinmişdir.