“STOMATOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA V BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə Gürcüstan, Almaniya, Rusiya, Türkiyə və İsraildən gəlmiş mütəxəssislər də iştirak etmişlər.
Konfransı açan Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti Rəna Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, 1997-ci ildə yaradılmış assosiasiya qısa müddət ərzində əlaqələrini genişləndirərək, ətrafında işini beynəlxalq standartlara uyğun qurmağa çalışan stomatoloqları birləşdirmişdir.
Məlumat verilmişdir ki, əhali arasında ən çox yayılan stomatoloji xəstəlik kariesdir və onun azaldılması məqsədi ilə ASA, “Procter & Gamble” şirkətləri ilə birlikdə 7-8 yaşlı uşaqlar arasında sanitar-maarifləndirmə proqramı həyata keçirilmişdir. Proqram 5 il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlıda 224 min məktəblini əhatə etmişdir. Şəkərli diabeti olan uşaqlarda ağız boşluğu xəstəlikləri üstünlük təşkil etdiyi üçün assosiasiya tərəfindən 1999-cu ildən başlayaraq xəstəliyin qarşısının alınmasına yönəldilmiş proqram reallaşdırılır.
Eyni zamanda, Azərbaycanda həkim-stomatoloqların bilik səviyyəsinin artırılması məqsədi ilə ASA tərəfindən Bakı, Gəncə və Şəkidə stomatologiyanın aktual problemləri mövzusunda elmi-praktiki konfranslar təşkil edilmişdir. Qurumun mətbuat orqanı - “Qafqazın Stomatoloji Yenilikləri” jurnalı nəşr olunur.
Konfransın gedişində terapiya, ortopediya, uşaq stomatologiyası, üz-çənə nahiyəsində plastik cərrahiyyə ilə bağlı yerli və xarici mütəxəssislərin məruzələri dinlənilmişdir.