STRASBURQDA FRANSIZ DİLİNDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ RADİO VERİLIŞİ SƏSLƏNMİŞDİR
Paris, 22 fevral (AZƏRTAC). Strasburqda fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə Azərbaycanla bağlı ayda iki dəfə bazar günləri efirə çıxan radio proqramının fevralın 21-də fransız dilində səsləndirilmiş verilişi bütünlükdə Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuşdur.
Verilişin əvvəlində Strasburq Universitetində Xocalı soyqırımı ilə bağlı konfranslar, şəhərin mərkəzindəki Kleber meydanında izdihamlı mitinqin təşkili və Azərbaycan Evində görüş, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, Milli Məslisin deputatlarından, ictimai təşkilatlardan ibarət nümayəndə heyətinin faciə ilə bağlı keçiriləcək bu silsilə tədbirlərdə iştirakı barədə dinləyicilərə məlumat verilmişdir.
Proqramda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir silahlarla təchiz olunmuş sovet ordusunun 366-cı alayının birbaşa köməyi ilə tarixən azərbaycanlıların qanına susamış erməni silahlı birləşmələrinin əhalisi təmamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərinə qəflətən hücum etmələrindən, 7 minlik dinc əhaliyə qarşı misli görünməmiş soyqırımı həyata keçirmələrindən, hətta uşaq, qadın və yaşlı insanlara belə aman vermədən onları vəhşicəsinə qətlə yetirmələrindən danışılmışdır.
Verilişdə dünya mətbuatının XX əsrin ən dəhşətli faciəsinə biganə qalmadığı, Fransanın bir sıra televiziya kanallarında Xocalı soyqırımından bəhs edən süjetlərin göstərildiyi, “Le Monde”, “ Humanite”, “Les Echos”, “Liberation” və digər mətbu orqnalarında yazıların dərc olunduğu öz əksini tapmış, həmin məqalələrdən müəyyən hissələr dinləyicilərə çatdırılmışdır.
Qonşu ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə göz dikmiş Ermənistanın apardığı elan olunmamış müharibə zamanı əsir alınmış yüzlərlə azərbaycanlının, o cümlədən Xocalı sakinlərinin hələ də əsirlikdə saxlandığı, onların taleyi barədə heç bir məlumat olmadığı bildirilmişdir.
Radio verilişində İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının dünya ictimaiyyətinə ünvanladığı müraciət səsləndirilmişdir.
Verilişdə bu günədək beynəlxalq təşkilatlar tərəfindən qanlı faciəyə siyasi qiymət verilməməsi, dünya ictimaiyyətinin erməni vəhşiliyinə göz yumması diqqətə çatdırılmışdır.
Sonda ölkəmizin həyatında baş verən ictimai-siyasi, mədəni yeniliklər haqqında danışılmış, qəzetlərin xülasəsi verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris