“Süd vəzi xərçənginin genetikası” – təlim
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi və Fetal Genetik Mərkəzin birgə təşkilatçılığı ilə “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “Süd vəzi xərçənginin genetikası” mövzusunda təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Fetal Genetik Mərkəzin Sitogenetika şöbəsinin rəhbəri, həkim-sitogenetik Vüsalə Əliyeva süd vəzi xərçənginin genetik əsasları, xəstəliyin irsi səbəbləri, xərçəngə meyilli genlərin aşkarlanması barədə ətraflı məlumat verib, diaqnostikada sitogenetik metodların əhəmiyyətini vurğulayıb. Məruzəçi süd vəzi xərçəngi xəstəliklərindən nümunələri təhlil etməklə, yaranmış vəziyyətlərdə genlərin müəyyən edilməsi, xəstəliklə mübarizə yollarını diqqətə çatdırıb.
Vüsalə Əliyeva genetik tədqiqatların erkən diaqnostika və müalicədə mühüm rol oynadığını bildirib, tələbələrlə bu sahə üzrə tədqiqat imkanlarını müzakirə edib.
Sonda tələbələrin sualları cavablandırılıb.