Sudan mətbuatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən yazır
Qahirə, 29 may, AZƏRTAC
Sudanın “Sahafa”, “Ahram” qəzetlərində və bir sıra digər nəşrlərdə ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Respublika Günü münasibətilə məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, səfir məqaləsində müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir ölkənin daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini, 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlandığını vurğulayıb. Məhz Ulu Öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndirildiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, Ümummilli Lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir və Sudan ictimaiyyətinin diqqətinə çatdırıb.
Son 15 il ərzində Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləyən T.Rzayev ölkəsinin regionda turizm məkanına çevrildiyini, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə viza rejiminin sadələşdirildiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xüsusi qeyd edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə