“SÜLEYMAN VƏZİROV” GƏMİSİ SƏMT QAZININ NƏQLİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ KƏMƏRİN ÇƏKİLİŞİNƏ BAŞLAMIŞDIR
Oktyabrın 10-da “Süleyman Vəzirov” borudüzən gəmisi Neft daşları yatağına yola düşmüşdür. Gəmi 12-16 metr dərinlikdən səmt qazının nəqli üçün nəzərdə tutulmuş uzunluğu 7 kilometrlik kəmərin yeni hissəsinin tikintisi ilə məşğul olacaq. Gəminin göyərtəsində ümumi uzunluğu 5 kilometr olan borular yerləşdirilmişdir.
Tikintinin sifarişçisi “Neft daşları” NQÇİ, baş podratçısı isə “Xəzərdənizneftqaztikinti” Trestinin 3 nömrəli tikinti-quraşdırma idarəsidir. Sualtı kəmərlərin tikintisi üzrə tanınmış mütəxəssis Cavanşir Qayıbovun başçılığı ilə 50 nəfərlik dəstə gəmidə quraşdırılmış 3 mərtəbəli evdə yaşayacaq, növbə ilə 24 saat işləyəcəkdir. Mütəxəssislər işə başlamazdan əvvəl gələcək əməliyyatların layihəsi, işin keyfiyyəti və vəzifə təlimatlarının yerinə yetirilməsi ilə bağlı imtahan vermişlər. Fəhlələr xüsusi geyim və fərdi təhlükəsizlik ləvazimatları ilə təmin olunmuşlar.
ARDNŞ-in Kapital Qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyevin sözlərinə görə, hava şəraiti imkan verərsə, işlər 15-20 günə başa çatdırılacaq.
Qeyd edək ki, “Süleyman Vəzirov” gəmisi ilə sutkada 1 kilometr boru düzmək olar.