Süleyman Vəzirov küçəsinin bir hissəsində görülən işlər tamamlanıb
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləri uğurla tamamlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinədək olan ərazini əhatə edib.
Uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb. Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb. Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.
Aidiyyəti üzrə yol nişanları quraşdırılıb, yol-cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib.