Sülhməramlılara məxsus daha üç təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib
Şuşa, 11 yanvar, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Bir daha xatırladırıq ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.