MƏDƏNİYYƏT
SULTANMƏCİD QƏNİZADƏNİN BÜSTÜ QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Şamaxıdakı 1 nömrəli orta məktəbdə görkəmli maarifpərvər Sultanməcid Qənizadənin büstü açılmışdır. Rayon icra hakimiyyəti nümayəndələrinin, pedaqoji kollektivlərin, ziyalıların iştirak etdikləri mərasimdə S.Qənizadənin həyat və fəaliyyətindən ətraflı söhbət açılmışdır. Bildirilmişdir ki, o, ictimai-siyasi fəaliyyəti və ədəbi yaradıcılığı ilə Azərbaycan tarixində özünəlayiq yer tutmuşdur. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edərkən Xalq Cümhuriyyətinin “İstiqlal Bəyannaməsi”nə imza atanlardan biri də S.Qənizadə olmuşdur. O, həmçinin Azərbaycanın ilk parlamentinin sədr müavini kimi çalışaraq müstəqil dövlətin 23 aylıq fəaliyyətində bacarığını əsirgəməmişdir.
Çıxış edənlər S.Qənizadə irsinin şagirdlərə daha dərindən öyrədilməsinin vacibliyindən danışmışlar. Büstün üzərindəki örtük götürüldükdən sonra abidənin önünə gül-çiçək dəstələri düzülmüşdür.