Sumqayıt kimyaçıları ARDNŞ-in “Ekoloji park”ında olmuşlar
Sumqayıt, 6 iyun, (AzərtAc). 5 iyun - Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyi (İB) müəssisələrinin ekologiya şöbələrinin bir qrup əməkdaşı ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində salınmış “Ekoloji park”da olmuşlar.
AZƏRTAC xəbər verir ki, kimyaçılar 10 hektara qədər böyük bir ərazidə salınmış “Ekoloji park”da yaradılmış ekomərkəzi, şitilxananı, yeraltı su anbarlarını, süni arx və gölləri maraqla seyr etmişlər. Ekskursiya zamanı parkda 5 min kvadratmetr sahədə salınmış toxum, cücərtmə şöbələrinə və xüsusi qulluq tələb edən dekorativ bitkilər oranjereyasına baxış keçirmişlər.
Kimyaçılara bildirilmişdir ki, bu istixanadan rekultifikasiya olunmuş torpaqlarda tum və şitillərdən ağac tinglərinin yetişdirilməsi üçün bioseleksiya işlərinin aparılması, Abşeron yarımadasında nəsli kəsilməkdə olan nadir kol və ağac bitkilərinin, o cümlədən Eldar və ağ şamları, həmişəyaşıl sərv, Lənkəran akasiyası və digər ağaclardan ibarət estetik kolleksiyanın yaradılması işləri üçün istifadə olunur.
Abşeronda ekologiyanın qorunması məqsədi ilə nümunə olaraq elektrik enerjisi təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsi üçün parkda quraşdırılmış ekoloji cəhətdən təmiz olan külək generatorları və günəş batareyaları da ekskursiyaya gələnlərdə böyük maraq doğurmuşdur.
“Azərikimya” İB-in əməkdaşları, həmçinin parkın Ekoloji Tədris Mərkəzinin akt zalında xüsusi təşkil olunmuş ekoloji maarifləndirmə tədbirində iştirak etmişlər. Orada iştirakçılara Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələr barədə maraqlı məlumatlar verilmiş, vaxtilə Z.Tağıyev adına NQÇİ-nin neftlə çirklənmiş ərazisində geniş təmizlik işləri aparıldıqdan sonra salınmış parkın təbliğatçı missiyasından söhbət açılmışdır. Həmçinin Azərbaycan təbiətinin nəsli kəsilmək təhlükəsi olan, respublikanın “Qırmızı kitabı”na salınmış nadir ağac-kol növlərinin qorunmasının vacibliyi, onların çoxaldılması işlərinin aparılması qaydaları və bu cür ekoloji layihələrin ARDNŞ-in bütün struktur bölmələrinin, o cümlədən “Azərikimya”nın ərazilərində tətbiqinin məqsədəuyğunluğu diqqətə çatdırılmışdır.