SUMQAYIT-NOVXANI YOLU YENİDƏN QURULMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da müasir standartlara uyğun yenidən qurulmuş Sumqayıt-Novxanı avtomobil yolu ilə tanış olmuşdur.
Prezidentə məlumat verildi ki, uzunluğu 9,7 kilometr olan yol Bakı şəhəri istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin yaratdığı tıxacların aradan qaldırılması üçün əlverişli, sürücülər və sərnişinlər üçün isə çox rahatdır. Xəzər dənizinin sahili boyu uzanan ikitərəfli yolda müasir işıqlandırma dirəkləri qoyulmuş, avtomobillərə texniki xidmət göstərilməsi üçün servislər yaradılmışdır.
Dövlətimizin başçısı piyada yolu ilə gəzdi, keyfiyyəti ilə maraqlandı, buradan dənizi seyr etdi. Prezident İlham Əliyev sahil boyu abadlıq işlərinin görülməsinin və müasir istirahət zonalarının yaradılmasının zəruriliyini bildirdi.