Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bayraqdar” milli intellektual oyunu keçirilib
Bakı, 23 iyul, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş gənclər təşkilatları arasında “Bayraqdar” milli intellektual oyunu keçirilib.
İntellektual oyunun keçirilməsində məqsəd 44 günlük şanlı Vətən müharibəsinin təbliği, canından keçmiş şəhidlərimizin unudulmaması, vətənpərvərlik hisslərinin yüksəldilməsi, gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili və dünya görüşünün artırılmasıdır. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət 5 komanda iştirak edib.
Gərgin və maraqlı keçən yarışmanın sonunda I yeri Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin, II yeri Sumqayıt Könüllü Cəmiyyətinin, III yeri isə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının komandaları tutub.
Qalib komandalar Baş İdarənin, Sumqayıt Gənclərinin İnkişaf və Karyera Mərkəzinin kubok, sertifikat və medalları ilə təltif edilib.