Sumqayıtda gənclərin iştirakı ilə dəyirmi masa: “Xocalını unutmuruq”
Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalını unutmuruq” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar erməni silahlı dəstələrinin və SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıda törətdiyi soyqırımını özündə əks etdirən videoçarxı izləyiblər.
Dəyirmi masada Heydər Əliyev Fondunun Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən, ermənilərin müxtəlif illərdə xalqımıza qarşı törətdiyi vəhşiliklərdən və bu kimi faciələrə dünya ictimaiyyətinin biganəliyindən söz açılıb. Bildirilib ki, o gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklərlə qətlə yetirildi.
Baş İdarənin rəisi Elgün Hümbətov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü Əhməd Rəcəbli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə, Sumqayıt “ASAN xidmət” mərkəzinin məsul işçisi Fəridə Qafarova və digərləri Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər xalqımızın Azərbaycan əsgərinə güvəndiyini vurğulayaraq, gəncləri Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında fəal olmağa çağırıblar.