Sumqayıtda gender zorakılığı və uşaqlara qarşı zorakılıq məsələləri təhlil edilib
Sumqayıt, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədilə yaradılan monitorinq qrupunun növbədənkənar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova Monitorinq Qrupu tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.
Vurğulanıb ki, monitorinq qrupu daxil olan müraciətləri diqqətlə araşdırılır və daxil olmuş müraciətlərə xüsusi diqqət və həssaslıqla yanaşılır
Bildirilib ki, son vaxtlar intiharların sayının artması, xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti narahat edir. Qabaqcıl dünya təcrübəsi və aparılan tədqiqatlar göstərir ki, intihar hallarına qarşı yalnız kompleks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri bütün cəmiyyət tərəfindən dəstəkləndikdə daha effektiv və təsirli olur.
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçiləri Qismət Qasımov və Mehman Vəliyev, Şəhər Prokurorunun köməkçisi Orxan Hacıyev, Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi Yaqub Baxşəliyev, “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva və digər iştirakçılar mövzu ətrafında çıxışlar edib, müzakirələr aparıblar.
Sonda mövzunu əhatə edən videoçarx nümayış olunub.