CƏMİYYƏT
Sumqayıtda yaşayan məcburi köckünlərlə görüş keçirilib
Sumqayıt, 6 noyabr (AZƏRTAC). Sumqayıtda məskunlaşmış Füzuli rayonundan olan məcburi köckünlərlə görüş keçirilmişdir. Tədbir Fizuli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon rəhbəri Alı Alıyev görüş zamanı rayondan olan məcburi köçkünlərin müraciətlərini dinləmişdir. Rayon sakinləri tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Görüş zamanı bildirilmişdir ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün səy və bacarıqlarını səfərbər etməlidir. Alı Alıyev həmçinin rayon ərazisində görülmüş işlər, qarşıda duran vəzifələr barədə də məlumat vermişdir. Qeyd olunmuşdur ki, son illər rayonda abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb.
Hazırda Horadiz şəhərində Milli Qəhrəmanlar Parkı, 10 hektar ərazidə Bayraq Meydanı, Soyqırımı Qurbanlarının Abidə Kompleksi, 2 yeni küçənin salınması, işıqlandırma sisteminin yeraltı kabel sisteminə keçirilməsi, boulinq zalının tikinti işləri aparılır. Bu günlərdə isə Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 100 yerlik uşaq bağçası, 120 nəfəri işlə təmin edəcək tikiş sexi, Tarix-Diyarşünaslıq Muzeyi, Veteranlar evinin tikintisinə başlanılmışdır.
Görüşün sonunda məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.