SUMQAYITLILAR QƏLƏBƏ GÜNÜNÜ QEYD ETMİŞLƏR
Şəhər icra hakimiyyətinin, bələdiyyənin rəhbərləri, ictimaiyyətin nümayəndələri İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və tər gül-çiçək dəstələri qoymuşlar.
Hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni səslənmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev 1941-1945-ci illər müharibəsində qəhrəmanlıq nümunələri göstərmiş veteranları bayram münasibətilə təbrik etmişdir. O demişdir ki, hazırda Sumqayıtda yaşayan təxminən 400 müharibə veteranı diqqət və qayğı ilə əhatə olunmuşdur. Onlar indi də xalqımıza sədaqətlə xidmət edir, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində fəal ictimai iş aparırlar. Veteranlar ümummilli liderimiz Prezident Heydər Əliyevin Sumqayıta məlum səfərindən sonra şəhərdə baş vermiş müsbət dəyişikliklərdən razı qaldıqlarını bildirmiş, böyük siyasətçi və dövlət xadimi ilə görüşləri haqqında xatirələrini bölüşmüşlər.
Yuxarı sinif şagirdləri – “Şahinlər” hərbi idman oyununun iştirakçıları hərbi marşın sədaları altında nizamlı cərgə ilə mərasim iştirakçılarının qarşısından keçmişlər.
Böyük Vətən müharibəsi veteranlarının şərəfinə bayram naharı verilmişdir.