SUMQAYITLILAR RESPUBLİKA GÜNÜNÜ QEYD ETDİLƏR
Azərbaycanın dövlət himni səsləndikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev tədbirdə çıxış edərək, sumqayıtlıları bayram münasibətilə təbrik etdi, Şərqdə ilk demokratik dövlətin yaranma tarixindən, onun mürəkkəb təşəkkül yollarından söhbət açdı. O, 1991-ci ildə yenidən müstəqillik qazanmış Azərbaycanın ilk vaxtlar düşdüyü ağır vəziyyəti xatırladaraq, yalnız 1993-cü ildə Heydər Əliyev xalqın iradəsi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkənin fəlakətdən xilas edildiyini bildirdi. Natiq vurğuladı ki, o vaxtdan ötən dövrdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi bütün uğurlar, ölkəmizin dünyada layiqli yerini tutması məhz Heydər Əliyevin xidmətləridir. Sumqayıtın güclü sənaye mərkəzi kimi təşəkkülü də onun adı ilə bağlıdır. Sumqayıtdakı “Etilen-Polietilen” zavodunda dövlət zəmanəti ilə Yaponiya bankının krediti hesabına buxar generatorunun quraşdırılması məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Bu qurğunun uğurla işləməsi respublikanın kimya sənayesinin inkişafına yardım göstərir. V.Əliyev dedi ki, sumqayıtlılar Azərbaycanda təməli qoyulmuş gələcək tərəqqi və inkişafın Prezident İlham Əliyevin zəkası, əməyi, istedadı sayəsində davam etdiriləcəyinə əmindirlər.
Sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları, habelə özfəaliyyət kollektivləri Azərbaycanın tarixinin şanlı səhifələrini tərənnüm edən musiqili ədəbi kompozisiya göstərdilər, dahi Heydər Əliyevin titanik fəaliyyətindən, onun Azərbaycanın ən yeni tarixindəki rolundan söhbət açan videokadrlar nümayiş etdirildı.