Şura 463 QHT-ni qalib elan edib
Bakı, 6 mart, AZƏRTAC
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə qurumun növbəti iclası keçirilib.
Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin nəticələri, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin yekunları, cari ilin fəaliyyət planı, Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şuradan AZƏRTAC-a bildirilib ki, qurumun katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2018-ci il birinci qrant müsabiqəsi ilə bağlı Şuranın elektron resursuna 651 daxil olmanın qeydə alındığını, onlardan 647 təşkilatın layihə təqdimetmə mərhələsində iştirak etdiyini, 53 təşkilatın texniki şərtlərlə bağlı yol verdiyi qüsurlara görə prosesdən kənarda qaldığını, 594 layihənin isə ekspertizaya göndərildiyini bildirib.
İcraçı direktor ötən il dekabrın 7-də “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi elan edildiyini, bununla bağlı Şuraya 24 müraciətin daxil olduğunu deyib. F.Qurbanov 444 təşkilatın 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilatın isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını topladığını bildirib.
Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət planı haqqında da ətraflı məlumat verib. Katibliyin icraçı direktoru Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları, prosedurları, şərt və qaydaları haqqında da geniş məruzə edib.
Qeyri-Hökumət Təşkilatlarının ölkənin ictimai həyatında fəal iştirak etdiyini qeyd edən Şura sədrinin müavini Vüsal Quliyev 2018-ci il birinci qrant müsabiqəsinə müraciət edən QHT-lərin layihələrinin 80 faizinin ekspert ballarının müsbət olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. O həm yeni yaranan, həm də təcrübəli QHT-lərin cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.
Şura üzvləri Şahin İsmayılov, Rufiz Qonaqov, Sahib Məmmədov, Emin Həsənli, Əliməmməd Nuriyev, Nərgiz Xələf və Anar Xəlilov çıxış edərək gündəlikdəki məsələlərlə bağlı təkliflərini bildiriblər.
Şura 2018-ci il birinci qrant müsabiqəsinin, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin nəticələrini və qurumun 2018-ci il fəaliyyət planını təsdiq edib. İclasda həmçinin 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında da qərar qəbul edilib.
Yuxarıda qeyd olunan hər iki qrant müsabiqələrinin nəticələri və 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları ilə Şuranın internet saytlarında (www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az) tanış olmaq mümkündür.