Suraxanı rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir.
Ümummilli Liderin bu sahədə siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla əlaqədar, ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirləri mütəmadi şəkildə həyata keçirilir. Belə tədbirlərdən biri növbəti dəfə Suraxanı rayonunun Hövsan qəsəbəsində keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, qəsəbənin Oqtay Şabanov küçəsində, 21 nömrəli binanın qarşısındakı ərazidə reallaşan budəfəki kampaniya çərçivəsində mindən çox ağac əkilmişdir.
Ümumiyyətlə, son illər ətraf mühitin mühafizəsi, vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində Suraxanıda mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilmiş, təmizlik və abadlıq işləri aparılmışdır. Rayonun daxili imkanları hesabına Hövsan qəsəbəsində hər birinin sahəsi 15 min kvadratmetr olan 2 istirahət parkı əsaslı təmir olunaraq sakinlərin sevimli istirahət məkanlarına çevrilmişdir.
Mərkəzi küçə boyu və ətrafda yerləşən 88 ticarət obyektinin fasadları yenidən qurulmuş, 9 abad həyət yaradılmışdır ki, bu da qəsəbənin xarici görünüşünü müasirləşdirmişdir.
Bundan başqa, Hövsan qəsəbəsində səki, küçə və yollara 100 min kvadratmetrdən çox asfalt örtüyü salınmış, su və qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə 156 min metr qaz xətti, 36 min metr su xətti çəkilmiş, 104 yaşayış binasında su şəbəkəsi dəyişdirilmiş və fasiləsiz su təminatına keçilmişdir. Beləliklə, uzun illərdən bəri su qıtlığından əziyyət çəkən Hövsan sakinlərinin su problemi öz həllini tapmışdır.