CƏMİYYƏT
Sus kəndinin sakini: O gözəl yerləri bərpa edəcəyik VİDEO
Bakı, 19 avqust, AZƏRTAC
Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Sus kəndinin sakini Vaqif Həsənov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır. İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər kənddən çıxarıldıqdan sonra laçınlı ağsaqqal qayıdıb orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri Sus kəndinin sakini Vaqif Həsənov söyləyib.
Vaqif Həsənov deyib: “Ermənilər Laçını işğal edəndə də yandırıblar, indi tərk edəndə də yandırırlar. Amma biz o gözəl yerləri bərpa edəcəyik”.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçın şəhərinin, Zabux və Sus kəndlərinin sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.