SUYUN KEYFİYYƏTİNƏ DAİMİ NƏZARƏT TƏLƏB OLUNUR
QHT-nin başçısı L.Quluzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, içməli su problemi, - yeri gəlmişkən, onun təmizlik dərəcəsini müəyyənləşdirmək qeyri-mümkündür, - həm Mərkəzi Avropa, Orta Asiya, həm də Qafqaz ölkələri üçün ən ağrılı problemdir. Azərbaycana gəldikdə isə, ölkəmiz daha əlverişsiz ərazidə yerləşir. Çünki Azərbaycanın illik çay suları ehtiyatı 32 kubkilometrdir. Bunun 20 kubkilometri onun hüdudlarından kənarda - Türkiyə, Gürcüstan və Ermənistanda yaranır. Məhz sonuncu iki dövlət su arteriyalarının çirkləndirilməsində fəal iştirak edir. Başlanğıcını Türkiyə ərazisindən götürən Kür çayı Gürcüstan-Azərbaycan sərhədini nəzərdə tutulan normadan 2-9 dəfə, bəzən isə 17 dəfə artıq çirklənmiş vəziyyətdə keçir.
Azərbaycanın su mühafizə idarələrinin məlumatına görə, çayların çirkabı ilə hər il ölkəmizə 7662 min tonadək həll olmuş kimyəvi birləşmələr, 300 tonadək metal birləşmələri və sair daxil olur.
L.Quluzadənin sözlərinə görə, hazırlanmış təkliflər paytaxtda və bölgələrdə içməli suya daimi monitorinqin keçirilməsini, lazım gəldikdə, sanitariya nəzarəti, su mühafizəsi xidmətlərini, habelə ictimaiyyəti onun keyfiyyət dəyişiklikləri barədə məlumatlandırmağı nəzərdə tutur.