Tabutu qarşısında qurban kəsilən şəhid Tural İsayev VİDEO
Siyəzən, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən çavuş Tural İsayev beş il idi müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət aparırdı. Tural Füzuli döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Nəşi 124 gün sonra tapılan şəhidimizin anası onun tabutu qarşısında qurban kəsərək, oğlunu son mənzilə yola salıb. Tural İsayev ölümündən sonra 3 medalla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tural Saləddin oğlu İsayev 1992-ci il aprelin 11-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. Ailədə bir qardaş, bir bacı olublar.
Tural İsayev 10 yaşı olanda atasını itirib. Bundan sonra anası ilə bərabər evin yükünü çiyinlərində çəkən Tural zəhmətkeşliyi ilə hamının rəğbətini qazanıb.
Əsgərliyi başa vurandan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan çavuş ailəsi ilə son dəfə telefonla danışanda cəbhədən şad xəbərlərlə qayıdacağını bildirib.
O, sentyabrın 27-də Füzulinin yaşayış məntəqələri uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.
“On yaşı olanda atası rəhmətə getdi. Tural uşaqlıq nədir, bilmədi. Mənimlə birlikdə təsərrüfatı idarə edirdi. Əsgərlikdən sonra tikinti şirkətində çalışırdı. Əmisi ehtiyatda olan zabitdir. Onun tövsiyəsi ilə hərbidə işləməyə başladı. Müharibə başlayan günü telefonla danışdıq. Mənə xəbər etməmişdi. Amma bacısına döyüşlərin başlaması haqqında bildirmişdi. Şəhid olandan sonra 4 ay nəşini tapa bilmədik. 124 gün oğlumu axtardım. Onu hər cür qarşılamağa hazır idim. Ona görə də nəşi tapılıb kəndə gətiriləndə tabutu qarşısında qurban kəsdim. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin anası Gülnaz İsayeva bildirib.
Şəhidin bacısı Xədicə Mirzəyeva deyib: “Tural olduqca qayğıkeş qardaş idi. O, mənə atalıq edib. Sonuncu dəfə sentyabrın 26-sı gecə zəng elədi. Dedi ki, bacı mən gedirəm, özünüzdən muğayat olun. Əlavə nə isə soruşmağa imkan vermədi. Səhər ölkə başçımız televizorda danışanda məsələdən xəbər tutdum. Onda bildim ki, Tural gecə nədən danışırmış”.
Tural İsayev 2021-ci il yanvarın 31-də doğulub boya-başa çatdığı Siyəzən rayonunun Yenikənd kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.