Tacikistan səfiri 46 dövlətin Düşənbə Su Konfransında iştirakını təsdiqlədiyini bildirib
Bakı, 6 may, AZƏRTAC
Düşənbədə BMT-nin Su Onilliyi çərçivəsində 4-cü Beynəlxalq Yüksək Səviyyəli Konfransa hazırlıqlar aktiv mərhələyə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən brifinqdə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon məlumat verib.
O qeyd edib ki, 400-dən çox ünvana rəsmi dəvətnamə göndərilib və artıq 46 ölkədən, habelə 39 beynəlxalq təşkilatdan nümayəndələr iştiraklarını təsdiqləyiblər.
Səfirin sözlərinə görə, 2500-dən çox nümayəndəni bir araya gətirəcək genişmiqyaslı forumun proqramına plenar iclaslar və su sektoruna investisiyalardan tutmuş dövlətlərarası əməkdaşlığa qədər əsas sahələri əhatə edən altı tematik sessiya daxildir. Beynəlxalq öhdəliklərin konkret nəticələrə çevrilməsinə və 2023-2026-cı illərdə BMT-nin qlobal konfransları arasında davamlılığın təmin edilməsinə xüsusi diqqət yönəldiləcək.
“Tədbirin yekununa dair Düşənbə Prosesinin BƏƏ-də keçiriləcək BMT Su Konfransına birbaşa töhfəsi olacaq Yekun Bəyannamə və xüsusi hesabat da daxil olmaqla üç strateji sənədin qəbul edilməsi gözlənilir. Bundan əlavə, forum iştirakçıları 2030-cu ildən sonrakı qlobal gündəmdə su ehtiyatlarının rolunu müzakirə etməyə başlayacaqlar”, - deyə İlham Abdurahmon bildirib.
Səfir əlavə edib ki, əldə edilən irəliləyişlərə baxmayaraq, qlobal birlik su ehtiyatları sahəsində ciddi çətinliklərlə üzləşməyə davam edir.
Diplomat qeyd edib: “Milyardlarla insan hələ də təhlükəsiz içməli su və sanitariya imkanlarından məhrumdur, iqlim dəyişikliyinin, əhali artımının və təbii fəlakətlərin sayının artması isə su ehtiyatlarına təzyiqi artırır. Bu kontekstdə Düşənbədə keçiriləcək konfrans praktik həllər hazırlamaq, tərəfdaşlığı gücləndirmək və beynəlxalq səyləri səfərbər etmək baxımından mühüm platformaya çevrilmək məqsədi daşıyır. Biz Azərbaycan Respublikası ilə davamlı su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk və birgə səylərimizin ortaq məqsədlərimizə çatmağa töhfə verəcəyinə əminik”.
Tacikistan səfiri konfransda iştirak etmək üçün müvafiq səviyyədə nümayəndə heyəti göndərəcəyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.