TADİV: Cənubi Qafqazla bağlı təhrif olunmuş və qərəzli qiymətləndirmələrdən imtina etməyə çağırırıq
Ankara, 22 aprel, AZƏRTAC
Belçika və Niderland parlamentlərinin Cənubi Qafqazda baş verən proseslərə təhrif olunmuş qiymət verən qərəzli sənədləri dərin narahatlıq doğurur. Avropanın iki ölkəsinin qanunverici orqanlarının subyektiv qətnamələri Cənubi Qafqaz üçün son dərəcə həssas bir dövrdə, davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüslər fonunda qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) aprelin 22-də Ankarada fondun rəhbəri professor Aygün Attarın imzası ilə yayılan bəyanatında bildirilib.
TADİV-də 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş Azərbaycan və Ermənistan liderlərinin görüşünün yekunları, həmçinin İrəvandakı rəsmi şəxslərin Bakı ilə münaqişənin başa çatması barədə bəyanatları xatırladılıb. “Belə bir şəraitdə Azərbaycanın məhkəmə strukturlarının mövqeyini şübhə altına almaq və ya münasibətlərin normallaşdırılması prosesinə birtərəfli siyasi çərçivələr sırımaq cəhdləri birbaşa dialoqun kövrək nailiyyətlərini sarsıda bilər”, - deyə diaspor qurumundan vurğulanıb.
Türkiyə-Azərbaycan fondunda xəbərdarlıq olunub ki, revanşist əhvali-ruhiyyənin təşviqi regionun kəskin ehtiyac duyduğu etimad mühitini poza bilər. “Bununla əlaqədar balanslılıqdan və konstruktivlikdən uzaq, regionda sülhə xidmət etməyən mətnlər qəbuledilməzdir. Avropadakı məsuliyyətli siyasi xadimləri regional məsələlərin qiymətləndirilməsində ehtiyatlı olmağa, sabitliyi poza biləcək bəyanatlardan çəkinməyə çağırırıq. Cənubi Qafqaz yeni gərginlik mənbələrinə deyil, sülhün və sabitliyin möhkəmlənməsinə verilən töhfəyə ehtiyac duyur”, - deyə bəyanatda qeyd olunub.