Taha Ayhan: İslamofobiya insanlığa qarşı yönəlmiş problemdir
Bakı, 15 mart, AZƏRTAC
İslamofobiya ilə mübarizə üçün hökumətlər bəzi qərarlar qəbul etməlidir, cəmiyyətlərarası müzakirələr təşkil olunmalıdır. İslamofobiya insanlığa qarşı yönəlmiş problemdir və bu problemin köklü şəkildə aradan qaldırılmasını arzu edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “İslamofobiya: Avropa və milli qanunvericilik” adlı plenar sessiyada deyib.
İslamofobiyanın Avropada xüsusilə vüsət aldığını və müsəlmanların bununla bağlı travmalara məruz qaldıqlarını diqqətə çatdıran Taha Ayhan əlavə edib: “Bəzi Avropa ölkələrində “Qurani-Kərim”in yandırılması dünyanın bir çox ölkəsində pis qarşılandı, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə təkan verdi. Bizim qurumun əsas məqsədi sülhə dəstək göstərməkdir. Beynəlxalq təşkilatlar da öz növbələrində tolerantlığı təşviq etməlidir. Din və dini təcrübənin düzgün inkişafını təmin etməliyik”.