Tanınmış ədəbiyyatşünas alimin 85 illik yubileyi qeyd edilmişdir
Bakı, 15 yanvar (AZƏRTAC). Yanvarın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış tənqidçi, ədəbiyyatşünas alim Gülrux Əlibəylinin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ədəbi ictimaiyyətin və ədəbiyyat tədqiqatçılarının iştirakı ilə keçirilən yubiley tədbirində Azərbaycanda tənqidin və ədəbiyyatşünaslığın inkişafında alimin xidmətlərindən bəhs olunmuş, onun elmi-nəzəri əsərlərinin dəyərindən söz açılmışdır.
AYB-nin sədri, Xalq Yazıçısı Anar, birliyin sədr müavini Nazim İbrahimov, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Milli Məclisin deputatı Elmira Axundova, ədəbiyyatşünas Vaqif Yusifli və başqaları istedadlı qələm sahibi, peşəkar tənqidçi Gülrux Əlibəylinin heç kəsə bənzəməyən, orijinal yaradıcılıq istedadına malik bir qələm sahibi kimi yüksək peşəkarlığından söhbət açmışlar.
Bildirilmişdir ki, 500-ə yaxın esse, tənqidi məqalələrin, portretlərin və 20-yə yaxın nəşrin müəllifi olan yubilyarın “Dəyişən dünyam”, “Danışmaq kimi yazmaq, yazmaq kimi danışmaq” və s. kitabları oxucuların və sənət adamlarının böyük marağına səbəb olmuşdur. O, mənalı ömrünü ədəbiyyata həsr etmiş, mükəmməl ədəbi-tənqidi irs yaratmışdır.
Tədbir çərçivəsində ədibin “Qanun” nəşriyyatında çapdan çıxmış və son vaxtlar yazdığı hekayələrindən ibarət “Rəqs və ölüm” kitabının da təqdimatı olmuşdur.
Qələm dostlarının səmimi təbriklərini və xatirə hədiyyələrini özünəməxsus təbəssümlə qəbul edən 85 yaşlı yubilyar sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.