Tanınmış xanəndə Əvəzxan Xankişiyevin anadan olmasının 75 illiyi qeyd olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Qobustan Rayon Gənclər Evində tanınmış xanəndə, Əməkdar artist Əvəzxan Xankişiyevin anadan olmasının 75 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət xadimləri, saz-söz həvəskarları, musiqisevərlər iştirak ediblər.
Mərasimdə çıxış edənlər vurğulayıblar ki, Ə.Xankişiyev Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Şakirin layiqli davamçısıdır. Onun ustad xanəndə olması da xüsusi vurğulanıb.
Tədbirdə tanınmış və gənc musiqiçilərin ifasında aşıq havaları, xalq və bəstəkar mahnıları səsləndirilib.
Yubilyar rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.