Taxıl biçini zamanı yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Cəlilabad, 29 iyin, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu məqsədlə fermerlərlə keçirilən görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu vurğulanıb.
Baş verəcək yanğınların nəinki əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə, ətrafdakı tikililərə, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə ciddi zərər vurma ehtimalının olduğu diqqətə çatdırılıb.
Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara tövsiyələr verilib.