Tbilisidə otlaqların idarə olunması, ekoloji sistemin mühafizəsi və iqlim dəyişiklikləri mövzusunda seminar keçirilir
Tbilisi, 3 iyun (AZƏRTAC). Tbilisidə otlaqların idarə olunması, ekoloji sistemin mühafizəsi və iqlim dəyişiklikləri mövzusunda ikigünlük bölgə seminarı işə başlamışdır.
Tədbir Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə baş tutmuşdur. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin nümayəndələrinin qatıldıqları seminarda Azərbaycanı ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı nazirliklərinin nümayəndələri, BMT-nin İnkişaf Proqramının Bakı ofisinin əməkdaşı təmsil etmişlər.
Tədbirdə seminarın Gürcüstanda ilk dəfə keçirildiyi və onun iştirakçı ölkələr üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur.
Azərbaycan nümayəndələri çıxış edərək ölkənin otlaq sahələrinin 75 faizə qədərini qış otlaqlarının təşkil etdiyini və həmin sahələrin Mil-Qarabağ, Muğan-Salyan, Şirvan, Ceyrançöl, Naxçıvan Muxtar Respublikası və başqa ərazilərdə yerləşdiyini bildirmişlər. İştirakçılara Azərbaycanın yay otlaq sahələri barədə ətraflı məlumat verilmiş, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ bölgəsində bu sahədə yaranmış problemlərə diqqəti cəlb etmişlər. Ermənistanın beynəlxalq hüquq normalarını kobud surətdə pozduğu, beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmədiyi, bunun üçün təsirli tədbirlər görülmədiyi təəssüf hissi ilə vurğulanmışdır.
Azərbaycan nümayəndələri dövlətin otlaqların idarə olunması, ekosistemin mühafizəsi, iqlim dəyişiklikləri məsələlərinə mühüm diqqət yetirdiyini qeyd etmişlər. Bildirilmişdir ki, ölkədə otlaqlardan səmərəli istifadə edilməsinə dair xüsusi Dövlət proqramı qəbul olunmuşdur. Torpağın eroziyasına qarşı görülən işlər, pilot layihələr və başqa məsələlər barədə də ətraflı söhbət açılmışdır.
Tədbir iştirakçıları otlaqlardakı ümumi problemləri müzakirə etdikdən sonra qanunvericilikdə dəyişikliklər edilməsinə dair tövsiyələr işləyib hazırlayacaqlarını bildirilmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi