Tbilisidə tarixə şahidlik etmiş bina əsaslı təmir olunacaq
Tbilisi, 10 fevral, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Ş.Rustaveli prospektində yerləşən və mühüm tarixi hadisələrə şahidlik edən bina təmir olunacaq.
AZƏRTAC xəbər verir ki, həmin tarixi bina Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik bəyannaməsinə şahidlik edib.
Tbilisi şəhərinin meri Kaxa Kaladze bildirib ki, Ş.Rustaveli 6 ünvanında yerləşən və hazırda Gənclər Sarayının yerləşdiyi bina bərbad vəziyyətdədir. Binanın ciddi və əsaslı təmirə ehtiyacı var.
Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərini Tbilisi İnkişaf Fondu həyata keçirəcək. Təmir-bərpa işlərinin bir neçə il davam edəcək.
Mer deyib ki, tikili mədəni irs nümunəsidir və bütün işlər xüsusi diqqətlə aparılacaq.
Bərpa və yenidənqurma işlərinin ümumi dəyəri 33 milyon 700 min lari təşkil edir. Binanın fasadı, interyeri, dam örtüyü və həyəti də yenilənəcək və bütün işlərin 2023-cü ilin ortalarında başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, binada təmir-bərpa işləri ilə bağlı tender ötən ilin martında elan olunub. İşlərin 2021-ci ildə yekunlaşdırılacağı bildirilsə də, pandemiya səbəbindən müddət təxirə salınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi