Tbilisidə təşkil olunmuş “dəyirmi masa”da erməni vəhşiliyindən geniş söz açılıb
Tbilisi, 26 fevral, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımına həsr olunmuş “dəyirmi masa” keçirilib.
Gürcüstanın ali təhsil məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələrin iştirak etdikləri “dəyirmi masa”da muzeyin direktoru Leyla Əliyeva, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva, İctimai Televiziyanın Gürcüstan bürosunun rəhbəri Çingizxan Yaqubov, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov və başqaları çıxış edərək Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluq münasibətlərindən, hər iki dövlətin birgə səyi nəticəsində regionda həyata keçirilən layihələrdən, ermənilərin zaman-zaman azərbaycanlılara, türklərə və gürcülərə qarşı törətdikləri vəhşiliklərdən danışıblar. Qeyd olunub ki, başqa dövlətlərin torpaqlarını zəbt etməklə özlərinə oyuncaq dövlət yaratmış ermənilər bununla kifayətlənməyib indi də “Böyük Ermənistan” yaratmaq iddiasındadırlar. Bu gün imperiya qüvvələrinin əlində əsas vasitə olan Ermənistan hakimiyyəti Gürcüstanda və Azərbaycanda münaqişə ocaqları yaratmaqla bu ölkələrin ümumi inkişafına, gənclərin daha azad və xoşbəxt yaşamalarına mane olur.
Xalqlarımızın, azərbaycanlı və gürcü gənclərin birliyi nəticəsində ermənilərin bu siyasətinin puça çıxacağına əminlik ifadə olunub.
Çıxış edənlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası, eləcə də nəşr olunmuş kitabların əhəmiyyətini xüsusi vurğulayıblar. Gənclərin də bu aksiyada fəal iştirakının vacibliyi qeyd edilib.
Muzeyin direktoru “Xocalıya ədalət” kampaniyası çərçivəsində AZƏRTAC, Parlament Jurnalistlər Birliyi və Jurnalistlərin Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsü ilə müəllif Elşad Eyvazlının “Böyüməyən çocukluk” kitabını tədbir iştirakçılarına təqdim edib.
Bildirilib ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların faciə ilə bağlı yaddaşlarında həkk olunmuş acı xatirələrindən bəhs edən kitab oxucularda geniş təəssürat yaradır.